Redaktə və eyniləşdirmə

Mətnin sadəcə sözbəsöz tərcüməsi mədəniyyətlərarası məlumatın mənasını, müxtəlif xalqlara məxsus tarixi, ədəbi, sosial və digər dəyərləri lazımi şəkildə çatdırmaq üçün kifayət etmir. Məhz bu çatışmazlığı aradan qaldırmaq, məzmun və estetik dəqiqliyi qorumaq üçün mətnlərin ixtisaslaşmış redaktorlar tərəfindən redaktə edilməsinə ciddi ehtiyac duyulur.

Mərkəzimizdə fəaliyyət göstərən təcrübəli və peşəkarredaktorlar yazılı mətnin məzmun, dil xüsusiyyətləri və strukturunun sistemli şəkildə nəzərdən keçirilməsi, təkmilləşdirilməsi, eləcə də onun mövcud normativ və üslubi tələblərə tam uyğun hala gətirilməsini həyata keçirir. Redaktə zamanı mətndəki qrammatik, leksik, üslubi və terminoloji səhvlər aradan qaldırılır, fikrin aydınlığı və məntiqi ardıcıllığı təmin olunur, mətnin üslubu onun məqsədinə və janrına uyğunlaşdırılır. Tərcümə sahəsində redaktənin bir növü hesab edilən eyniləşdirmə isə (yığılmış və ya tərcümə edilmiş mətnin orijinal variantla məzmun, struktur və məna baxımından  müqayisəsi) tərcümənin mənbə mətnə uyğunluğunun, faktoloji dəqiqliyin, rəqəmlərin, tarixlərin və xüsusi adların düzgünlüyünün yoxlanılmasını əhatə edir. Mərkəzimizdə təklif olunan redaktə və eyniləşdirmə xidməti redaktorlar tərəfindən mətnlərin hərtərəfli yoxlanması və zəruri düzəlişlər edilməsini nəzərdə tutur, beləliklə də milli mədəniyyət və peşə fəaliyyətinə aid elementləri əks etdirən materialı hədəf auditoriya üçün ən optimal formada təqdim edirik.

İxtisaslamış redaktorlarımız sifarişçiyə peşəkar, aydın və müvafiq standartlara uyğun iş təqdim edərək, mətnin nəşr, təqdimat və ya rəsmi istifadə üçün tam hazır vəziyyətə gətirilməsini təmin edirlər.